Şərait var, uşaqlar yoxdur

Lala Azizli
4 min readJan 5, 2022
CV-lərə baxanda — biz

Hamıya salam!
Blog postlar yazmaqla aram olmasa belə, bu yazını yazmağı özümü məcbur hiss edirəm 💆🏽‍♀️

Postun əsas mövzusunu “namizədlərin CV tərtibatı və işəgötürmə prosesinə münasibəti” və ya “diri namizədlər axtaran Lala-nın dramı” da adlandıra bilərik 👵🏻

Gəlin əvvəldən başlayaq

Əvvəllər işəgötürmə prosesi ilə birbaşa məşğul deyildim. Tez-tez linkedində və digər yerlərdə aşağıdakı tərz paylaşımlar görürdüm:

“CV atdım baxan olmadı 😡”
“100 yerə CV göndərdim işə götürən olmadı 👎🏾”

Belə postları görəndə mən də elə fikirləşirdim ki, ölkədə işəgötürmə prosesi şəffaf deyil: “Yazıq namizədlər əllərindən gələni edirlər, amma bir iş tapa bilmirlər”

İşəgötürmə prosesində iştirak etməyə başladıqdan sonra işin nə yerdə olduğunu daha aydın görməyə başladım 👀

Son bir neçə ayda 3 vəzifə üzrə namizəd axtarışındayıq: məhsul sahibi, satış meneceri və UX\UI dizayner. Hər vəzifə üzrə onlarla namizədlə görüşlər keçirmişik. Bütün bu araşdırılan CV-lərdən, keçirilən müsahibələrdən sonra namizədlərdə ümumi şablon davranış\səhvləri görməyə başladım.

Bir-bir üstündən keçək ki, hamıya aydın olsun 💡

CV-nin tərtibatı və göndərilməsi ilə bağlı olan məqamlar:

  1. CV göndərilərkən yazılan poçt 📨

1.1 poçtun başlıq hissəsində (subject) sadəcə “CV” ya “resume” yazılır və ya tamamilə boş qoyulur.

Bütün açıq vəzifə paylaşımlarında xüsusi olaraq qeyd edilir ki, başlıq hissəsində müraciət etdiyiniz vəzifənin adını qeyd edəsiniz. Bu o qədər də çətin deyil. İnsan resurslarının poçt ünvanına gündə onlarla poçt gəlir. Sizin poçtunuz belə xırda diqqətsizliyə görə ortalıqda it-bat ola bilər.

1.2 poçtun mətn hissəsində heçnə yazılmır.

Əgər siz sistem vasitəsi ilə CV-ni yükləməyib, birbaşa poçt ünvanına göndərirsizsə güman etməlisiniz ki, poçtunuzu real insan alıb oxuyacaqdıq. Poçtun mətn hissəsini boş qoymaq əvəzinə “Hər vaxtınız xeyir. X vəzifəsi üçün CV-mi əlavə edirəm \ uğurlu iş günü və s.” yaza bilərsiniz.

2. CV-nin adı ✍️

CV-nin adı “CV”, “Resume”, “CV 1 copy”, “Narmin CV rus eng” və s. cür yazılır. CV-nin adına normal soyad və ad qoymaq onu daha rahat yadda saxlamağa imkan yaradır. Yəni, CV-nin adını “rename” edəcək qədər vaxt yoxdur?

cv1 copy final resume

3. CV-nin formatı 📜

CV bəzən .jpeg, .jpg formatında göndərilir. Bunu adətən onlayn resume builder saytlarını işlədən, lakin sənədi yükləmək lazım olduqda ödəniş edilməsini başa düşüb bunu etmək istəməyən namizədlər edir. CV hazırlamaq üçün onlayn “resume builder”-lərdən istifadə etmək vacib deyil.

CV-ni .doc formatında yığıb .doc və ya .pdf formatında yadda saxlayıb göndərə bilərsiniz. Bəzi xarici şirkətlər avtomatik CV mətnini analiz edən alətlər işlədirlər. Onlara .jpeg formatında CV-nizi göndərsəniz heç bir şansınız olmayacaq.

4. CV-ə qoyulan şəkil 📸

CV-ə şəklin qoyulub-qoyulmamağı həmişə mübahisə mövzusu olub. Şəklin olmaması heç bir problem yaratmır. Lakin, əgər şəkil CV-ə şəkil qoyulursa o şəkil vəzifəyə uyğun şəkil olmalıdır. “Məhsul sahibi” vəzifəsində gül buketi ilə çəkdirdiyiniz “selfie” şəkli heç kimə lazım deyil 🌹

Müsahibə zamanı İnsan Resurslarına aid suallara cavablar:

  1. “Çeynənilmiş” suallara hazırlıqsız gəlmə 😫

Namizədlərin əksəriyyəti illərdir İnsan Resursları əməkdaşlarının hamıya verdiyi bir neçə standart suallara düzgün/dolğun cavab verə bilmirlər. Əslində isə bu tip suallara əvvəlcədən oturub yaxşı hazırlaşmaq mümkündür.

Bu suallar başqa ölkəyə də getsəz demək olar eyni qalır. Google-da What are the 10 most common interview questions and answers?axtarışını etsəniz elə ilk həmin suallar çıxacaq.

Misal:
— Cari iş yerinizi hansı səbəbdən tərk edirsiniz?
— Nə üçün X şirkətində işləmək istəyirsiniz?
— Sizin güclü və zəif tərəfləriniz hansılardır?
— və s.

2. “Özünüz haqqında biraz məlumat verərdiniz” ifadəsinə nağıl kimi cavab vermə 🎤

Əksər namizədlər bunu eşitdikdə bütün CV-lərinin üstündən keçirlər və bu tərzdə cavab verirlər: “A ildə B məktəbinini bitirdim. C ilində əsgərliyə getdim. D ilində universiteti bitirdim. Sonra XYZ..” 😴

Bütün həyat fəaliyyətini danışmağa heç bir ehtiyac yoxdur

Müsahibə zamanı birbaşa vəzifəyə aid suallara cavablar:

nümunələr məhsul sahibi vəzifəsi-nə aiddir

  1. Nə üçün məhsul sahibi kimi işləmək istəyirsiniz? — sualına normal cavab verə bilməmə 🤦🏽‍♀️

Əksər namizədlərin cavabı universitet təhsillərinə uyğun hesab etdikləri və ya vəzifənin prestijli olduğu olur.

Əsas iş prosesi və işin nəticəsi sizə maraqlı olmalıdır. İş sizin gözlərinizdə qığılcımlar oyatmalıdır ✨

Sadəcə hansısa vəzifə indi prestijli sayılır deyə və ya universitetdə oxuduğunuz fakültəyə uyğun gəlir deyə iş seçimi etmək olar, lakin bu uzunmüddətli perspektivdə nə özünüzə, nə də işəgötürənə xeyir gətirməyəcək.

2. PAŞA Bankın hansı məhsulları ilə tanışsınız? — sualına cavab verə bilməmə 😦

Əksər namizədlərin cavabları:
— “Vaxtım olmayıb baxmağa”
— “PAŞA Bank fiziki şəxslərə xidmət göstərmir. Mənim də VÖEN-im yoxdur ki, məhsullarla tanış olum”


PAŞA Bankın və ya işə qəbul olmaq istədiyiniz X şirkətin əminəm ki, veb saytı, sosial şəbəkə səhifələri və əlaqə mərkəzi var. Hətta, əminəm ki, PAŞA Bankda və ya X şirkətində işləyən dost-tanışınız var. Araşdırma bacarığı məhsul sahibinin ən yaxşı bildiyi şeylərdən biri olmalıdır.

İşə düzəlmək istədiyiniz şirkəti və onun məhsullarını araşdırmağa vaxt/yol tapa bilmirsizsə, bazar üçün yeni məhsulları araşdırmağı ümumiyyətlə bacarmayacaqsınız

Bu suala cavab “Vaxtım olmayıb baxmağa” olduqda əslində o an müsahibəni dayandırıb, kompüteri söndürüb otaqdan çıxmaq istəyi yaranır 🚢

Uzun sözün qısası: biraz diri olmaq lazımdır

Arada tənbəlliyin daşını qırağa atmaq olar.

İnternetdə istənilən vəzifə üçün, istənilən sayda və növdə (istər yazılı, istər video) işə qəbul üzrə materiallar var. Həm normal CV tərtib edilməsi üzrə, həm də müsahibə sualları üzrə materiallar tapmaq mümkündür. Sadəcə biraz işə ciddi yanaşıb öz üstünüzdə işləmək lazımdır. Belə olduqda həm özünüzün, həm də işəgötürənin vaxtına hörmət/qənaət etmiş olacaqsınız.

Hamıya yeni ildə uğurlu müsahibələr arzu edirəm 🔥

#birazdiriol

--

--